Cazibə

Daha çox bir-birini tanımayan insanların təsiredici cazibəsi olur, daha çox da əks qütblər arasında. Bəzilərimiz, xüsusən də gənclikdə bu cazibəyə müxtəlif duyğular, hisslər qatmağı xoşlayırıq. Məsələn, möhtəşəm və bitməyən sevgi, qayğı, qoruma, dəyər vermək kimi. Amma bu cazibə uzaqdan daha xoş olur, elə ki, bu naməlumluq sona çatır, yəni bu cazibəyə düşürsən, sanki bir-biriniz üçün maraqsızlşırsan, ya da daha əvvəlki cazibə qalmır. Lakin belə deyil, əslində cazibə qalır, sadəcə bu cazibəni artıq hiss etmirsiniz. Necə ki, Yer kürəsində yaşayırıq, amma cazibəni hiss etmirik.

Bir yerdə yaşamağa qərar verən insanların bir-biri üçün maraqlı qalması sadəcə zahiri cazibəylə məhdudlaşmır. Bu insanlar anlamalıdır ki, hər bir insanın bacarıq, maraq, duyğu, düşüncə cazibələri də vardır və bu cazibələri kəşf etmək fürsətləri həmişə mövcuddur.

Mehparə R.        16 noyabr  2016

Hekayə

Riyazi analiz dərsi idi. Müəllim lövhədə yazı yazırdı, daha doğrusu məsələ həll edirdi, daha da doğrusu funksiyanın tam differensialını tapırdı. Nədənsə bunu bir neçə dəfə təkrar etdi…Auditoriyadakı 19 tələbənin isə sadəcə 6-7-si müəllimin yazdıqlarını dəftərə qeyd edirdi. Müəllim isə həmişə olduğu kimi böyük həvəslə məsələləri yazır, həll edirdi. Başqa vaxt bizdən də lövhəyə çağırardı və birlikdə həll edərdik, amma indi hamısını özü yazırdı. Bu yəqin ki, sonuncudur, düşüncəsi ilə lövhədəkiləri yazıb qurtardım. O biri uşaqlar aradabir xısın-xısın söhbətləşirdilər deyə, gec yazırdılar. Müəllim lövhədəki işini bitirdi, uşaqlar rahat yazsınlar deyə lövhənin qarşısından çəkildi və iki əlini də oturacağın yuxarısına dayayıb, bir növü çiyninə  söykəndi. Bu isə onun tez-tez etdiyi dincəlmə hərəkəti idi.                                      Məni isə düşündürən, dünən, elə burda, bu otaqda olan söhbət idi. Bu söhbət fikrimi tamamilə məşğul edir və hətta məni həyəcanlandırırdı. Düşündüklərimi müəllimə demək istəyirdim. Həm demək üçün səbirsizlənir, həm də ehtiyat edirdim, görəsən nə cavab verəcək, deyə? Fürsətdir, qəfil ayağa qalxdım. Onsuz da geriyə yol yoxdur! Qəfil ayağa qalxmağım deyəsən bir neçə nəfərin də diqqətini çəkdi. Yanımda oturan qız əlimə toxundu və astadan soruşdu:-Noolub?                                                                                                                          Mən,-heç nə, deyib, müəllimə baxdım. Müəllim də bir  anlıq mənə baxdı, amma üzünü lövhəyə çevirdi və nə deyəcəyimi gözlədi, deyəsən elə zənn etmişdi ki, deyəcəyim söz lövhədəki məsələ ilə bağlıdır.  Mən dilləndim:-Məzahir müəllim, olar bir söz deyim?                  -Buyur, eşidirəm.                                                                                                                                               – Bilirsiniz  müəllim, əslində bir məsələ haqqında sizin fikrinizi bilmək istəyirəm. Bu məsələ isə artıq çoxdandır ki, məni düşündürür. Sizə deməyimin isə səbəbi var.                        Müəllimin sifəti həmişəki kimi təbəssümlə doldu və yarızarafat dedi:-Bu şərəfə layiq görüldük?!                                                                                                                                                             Mən tələsik dilləndim:-Bilirsiniz müəllim, hələ ki, bu boyda universitetdə yeganə adamsınız ki, fikrimi hələlik sadəcə, sizə demək istəyirəm.                                                                               Uşaqlardan deyəsən Bəxtiyarın səsi idi:                                                                                                    -Səbəb deyirdin, nə səbəbdir?                                                                                                                           -Bəli, səbəbi var. Yəqin ki, dünənki söhbət yadınızdadır? Məzahir müəllim bizdən şer yazıb-yazmadığımızı soruşdu. Deməli bizim nə düşündüyümüz onun üçün maraqlı idi. Mən iki şer oxudum, biri “Leyli və Məcnun ” haqqında idi, nəyə görəsə onu bəyənmədiniz, amma o birisi bir az elmi-fəlsəfi idi, onu bəyəndiniz, elədir? Müəllim gülümsünərək başı ilə təsdiq etdi.Mən sözümə davam etdim:-Bilirsiniz müəllim, az qala bir ildir burda oxuyuruq, amma müəllimlərdən hələ kimsə bizim nə düşündüyümüz ilə maraqlanmayıb. Yüz, bəzən də beş yüz il    bundan öncə kəşf olunmuş təbiət hadislərini, riyazi qanunları və qanunauyğunluqları , tənlikləri əzbərləməklə  məşğuluq. Bunları əzbərləyib imtahan veririk, bilikli və ya biliksiz olmağımız haqqında qərarlar verirlər, “qiymətləndirirlər”. Məgər bu doğrudur?Bu, birinci sualımdır. İkinci sualım isə belədir ki, bu mühazirələri əzbərləmək əvəzinə, müzakirə etsək  daha yaxşı olmazmı? Çünki bu mühazirələrdə bəhs edilən mövzular bu günümüz üçün nə dərəcədə aktualdır, vacibdir, niyə vacibdir, axı bunu anlamaq da lazımdır, elə deyil?Bu qanunları , tənlikləri öyrənərkən bizim nə düşündüyümüz də maraqlı deyilmi sizlər üçün? Bəlkə qiymətlərimizi bizim düşüncələrimizə, anlama qabiliyyətimizə görə verəsiniz, yadda saxladıqlarımıza görə deyil???  O zaman tələbə olmaq istəyən uşaqlar da, hansı ali məkətəbdə, nə  oxuyacağına da düzgün qərar verərdi.  İndi burda oturanlar da fizikanı daha çox sevənlər olardı. Çünki əgər şagird və ya tələbə qarşısında heç bir öhdəlik, maraq dairəsi yoxdursa, onda kim istəsə gəlib burda oturacaq, vaxtını itirəcəkdir. Özünüz də bilirsiniz ki, fizika fakultəsində oxuyanların  heç də hamısı nə fizikanı, nə də cəbrini sevmir, bu elmlərdən xəbəri olmayanlar da nə qədər desəniz var…Amma bu onları narahat etmir. Bayaqdan artan səs-küy sinifdə az qala uğultu yaratdı. Məzahir müəllim əli ilə mənə əyləşməyi işarə etdi və uşaqları sakitləşdirməyə çalışdı. Sinifdəki uğultuya zəng səsi də qarışdı.Müəllimin və uşaqların fikirləri mənim üçün çox maraqlı idi, amma zəng susmaq bilmirdi…Bu ki, saatın səsidir, aman Tanrım, bu ki, yuxuymuş…  Məyusluğumun həddi-hüdudu yox idi.                                       Saat 8 idi .Durub çay hazırlamalı idim, həyat yoldaşım işə gedəcəkdi. Yuxunun təsirindən hələ də çıxa bilmirdim.Kaş ki, Məzahir müəllimin cavabını eşidəydim. Həm də fikrim də yarımçıq qalmışdı, ürəyimdəkinin hamısını deməmişdim.Uşaqlar hələ yatırdı. Qəribədir ki, yuxularımda çox vaxt özümü ya şagird, ya da tələbə olaraq görürəm.Hansı ki, şagirdliyimdən 28, tələbəliyimdən isə 19 il keçmişdi. Doğrudan da zaman itkisi çox ağırdır. Qədərini bilmədiyimiz ömür adlı bu zamanı itirmək olmaz. Necə yaşayacağımızı planlaşdıra bilməsək də, həyat tərzi və təhsillə bağlı müəyyən yaxşı ənənələrin olmamağı, zamanımızı itirməyə səbəb olur.  Bu cür narahat yuxular görməyimin əsas səbəbi də keçən günlərimlə, Universitet illərimlə bağlı narahatlıqlarımdır, o illəri həm ürəyim istəyən, həm də lazım olan qədər maraqlı keçirə bilməməyimdəndir.   Baxmayaraq ki, kitab oxumaqdan, öyrənməkdən başqa maraqlarım çox az idi, amma öyrəndiklərimin də nə işə yarayacağına bir cavabım yox idi.           Bir səbəbi də müharibə idi, tez-tez gələn acı xəbərlər, şəhid olan doğmalarım, işğal olunan kəndlər,rayonlar…Bütün bunlar, müharibə havası, şəhərdə o qədər də hiss olunmurdu, amma  niyə və nə oxuduğum da əhəmiyyətini itirirdi. Mühazirələr də çox darıxdırıcı idi, illərlə təkrar-təkarar oxunan mühazirələr, yaradıcı imkanların olmaması, köhnə cihazlar. Laboratoriyada cihazları laborantlar idarə edirdi, bəziləri heç işləmirdi.Burda oxuyanların nə düşündüyü ilə heç kim maraqlanmazdı, qurtarıb ya müəllim işləməyə gedəcəksən, ya da alim olmaq üçün təkrar əziyyət çəkəcəksən, illərdir ki, təkararlanan bir “proses”. Bu isə, nə elmin, nə düşüncənin, nə də mənəviyyatın inkişafı demək deyil. Düzdür, texnologiya durmadan yenilənir, elmi araşdırmalara milyardlarla vəsait xərclənir, amma bu yeniliklərdən sadəcə kimlərsə varlanır. Müharibələr artır, silahlar artır, əvəzində isə mənəviyyat, insanlıq uduzur. Nə isə, səhər-səhər bu qədər həyəcanlanmaq kifayət edər məncə, amma yuxum çox gözəl idi…Kaş ki, bu sualları Məzahir müəllimə deyə biləydim!

Mehparə Rəhimqızı                        Mingəçevir-2016.